Bakı. Nicat Mustafayev – APA-Economics. Moskvada hava şəraitinin uçuş üçün əlverişsiz olması səbəbindən «Vnukovo» və «Domodedovo» hava limanlarından Moskva-Bakı aviareyslərini yerinə yetirən təyyarələr Azərbaycan paytaxtına gecikmə ilə enəcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 14:10-da «UTair» aviaşirkətinin 745 saylı Moskva-Bakı aviareysi üzrə uçan təyyarə Bakı aeroportuna gecikmə ilə – saat 17:00-da enəcək: «Bu aviareysiyerinə yetirən təyyarə «Vnukovo» hava limanından havaya qalxıb. Saat 17:00-da Bakıya çatacaq təyyarə əks istiqamətdə - 746 saylı Bakı-Moskva aviareysi ilə cədvəldə olduğu kimi saat 15:10-da deyil, saat 18:30-da havaya qalxacaq».
«Sibir» aviaşirkətinin («S7 Airlines») «Domodedovo» aeroportundan 3355 saylı Moskva-Bakı aviareysi üzrə uçan təyyarə isə Bakıda cədvəldə olduğu kimi saat 15:35-də deyil, saat 17:15-də enəcək və əks istiqamətdə (3356 saylı Bakı-Moskva aviareysi) saat 18:45-də uçacaq.