«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tunel Müzəffər Nərimanov və 5-ci köndələn küçələrinin prospektlə kəsişməsində («Şəfa» stadionunun qarşısında) tikilir. Məqsəd M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillərin prospekti keçməsinə və hava limanına yönəlməsinə şərait yaratmaqdır. Belə ki, indiyədək M.Nərimanov küçəsi ilə gələn avtomobillər Heydər Əliyev prospektinə çıxanda yalnız şəhərə tərəf hərəkət edə bilir, 5-ci köndələn küçəsinə də çıxa və ya hava limanına gedə bilmirdilər. İndi isə tikilməkdə olan tunel vasitəsilə bu maşınlar 5-köndələn küçəsinə keçərək dönmə əməliyyatı aparıb hava limanına gedə biləcəklər.
Həmin ərazidə tikiləcək piyada keçidinin isə 5 giriş-çıxışı olacaq. Çıxışlardan biri «Şəfa» stadionunun qarşısında, iki çıxış ərazidəki sağlamlıq mərkəzinin yanına, qalan iki çıxış isə yolun o biri tərəfində nəzərdə tutulub.
Tunel və keçidin tikinti işləri bir neçə ay əvvəl başlanıb. Hazırda tikinti ərazisindəki kommunikasiyalar köçürülür: «Orada 1200 mm diametrində kanalizasiya kollektoru, qaz, su, rabitə xətləri, eləcə də yüksək gərginlikli elektrik xətləri var ki, hazırda onlar köçürülür. Bu işlər başa çatandan sonra bilavasitə tikinti işlərinə başlanacaq».