Bakı. Ülkər Qasımova - APA. Məşhur Hollivud rejissoru, «Şər Məskəni» («Resident Evil») blokbasterinin müəllifi Pol V.S.Anderson Bakıda səfərdədir. APA-nın məlumatına görə, rejissorun Bakıya səfərinin məqsədi «Bakcell» şirkətinin sifarişi ilə çəkdiyi reklam çarxının təqdimatında iştirak etməkdir. «Mançester Yunayted» futbol klubunun yer aldığı reklam çarxına həsr olunmuş mətbuat konfransında «Bakcell»in rəhbəri Riçard Şirer və digər rəsmilər iştirak ediblər. Çarx «Bakcell»in tərəfdaşı, «Mançester Yunayted» futbol komandası ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Şirkət rəhbəri qeyd edib ki, Azərbaycanda genişzolaqlı internetin sürəti Böyük Britaniyadan geri qalmır. Onun sözlərinə görə, «Bakcell» mobil rabitə operatorunun abonent bazası 2012-ci il ərzində 15% artıb: «Mobil internet bazarının 40%-i «Bakcell» şirkətinə məxsusdur. «Bakcell» şəbəkəsində işə salınan baza stansiyalarının sayı 2 mini ötüb. Hazırda şirkətin şəbəkəsi əhalinin 99%-dən çoxunu və respublika ərazisinin 92%-ni əhatə edir».
R.Şirer «Bakcell»in Azərbaycanın mobil rabitə bazarında payının 35% təşkil etdiyini bildirib. Şəbəkənin aktiv abonentlərinin sayı 2,6 mln-u ötüb. Şəbəkədə qeydiyyata alınan abonent nömrələrinin sayı isə 3 mln. təşkil edir.
Yeni video çarxla bağlı fikirlərini bölüşən şirkət rəhbəri qeyd edib ki, bu reklam çarxı çox xüsusi və özəldir: «Sürət brendinin reklamında adından bəlli olduğu kimi biz sürətin gücünü, qüdrətini əks etdirmək istəyirik. Mən rejissor Andersonla söhbətimdə dedim ki, bu reklam bəlkə də ən keyfiyyətli reklam çarxı mükafatına layiq görüləcək. Sürət data-kartı çox davamlı və ən yaxşı mobil internet xidmətidir. Bakı Pol Andersona çox yaxşı təsir edib. Düşünürəm ki, Bakı Andersonun çəkiliş meydanına çevrilə bilər».
R.Şirer onu da qeyd edib ki, bu reklam çarxı çəkilən xərc, zəhmət və vaxt baxımından şirkətə baha başa gələn xidmətlərdən biridir.
O, hazırda 4G şəbəkəsinin işə salınması, nömrələrin daşınması (MNP) xidmətinin işə salınması məsələləri üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparıldığını söyləyərək hər iki xidmətin 2013-cü il ərzində tətbiqinin nəzərdə tutulduğunu deyib.
«Bakcell» ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Hollivud rejissoru çox nadir hallarda reklam çəkdiyini bildirib. O, «Bakcell»in reklam çarxını mini-film adlandırıb: «Əslində reklamlar bəzən dəqiqədən də az olur, amma çox böyük zəhmət hesabına başa gəlir. Mən vaxtımın 95%-ni film çəkməyə həsr etmişəm. Adətən film çəkirəm, işimə coşqu ilə yanaşanda reklam çarxı da çəkirəm. Amerikadakı reklam çarxlarına baxsanız, çox darıxdırıcıdır. Məsələn, hər hansı su brendinin reklamı zamanı yalnız suyun xeyirli olması təqdim olunur. Düşünürəm ki, çəkdiyimiz reklam çox maraqlı alınıb».