Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayında Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında alqı-satqı əqdlərinin sayında 1,05%, qiymətdə isə 1,78% artım müşahidə olunub.
“APA-Economics”in məlumatına görə, “MBA Consulting Group”un paytaxtın yaşayış təyinatlı daşınmaz əmlak bazarında apardığı son tədqiqatlar portfelində ümumi təklif 2 108 ədəd təşkil edib ki, bu da öz növbəsində aprel ayı ilə müqayisədə 0,7%, ilin müvafiq ayı ilə müqayisədə isə 18,76% az olub.
Bazarda hesablanmış orta qiymət isə may ayı ərzində 2074 $/kv.m-dən 1,78% artaraq 2111 $/kv.m-ə qədər yüksəlib. Ümumən bazarda ötən aya nisbətən ötən ay qiymətlərin artması ilə yanaşı təklifin sayının azalması müşahidə edilib. Əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar daşınmaz əmlak bazarında pul kütləsinin artımı, təklif portfelinin davamlı azalması, Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla və mənzil tikintisi seqmentində müşahidə edilən durumla əsaslandırmaq olar. 1500-2000 ədədə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar.
Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 45,11%-dən 5,61% artaraq 47,64%, ucuz evlərin payı isə 54,89%-dən 4,61% azalaraq 52,36% təşkil edib.
Bazarda alqı-satqı əqdlərinin artması əmlakın ekspozisiya müddətinin azalması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq 82 gün təşkil edib. Hesabat ayında dəyişən struktur ilə qiymət artımı daimi struktur ilə qiymət artımını üstələyib. Mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 1,74% artaraq 9,38, daimi struktur ilə isə 1,70% artaraq 9,56 bəndində qərarlaşıb. Qiymət indeksinin dəyişən struktur ilə daimi struktura nisbətən son ayda çox olması, yeni tikililərin qiymət artım tempinin daha çox olması ilə izah olunur.
May ayı ərzində təkrar bazarda 2108 ədəd yaşayış mənzili satışda olub. Təklif portfelində mərkəzi rayonlar, mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Uyğun olaraq bazarın layihələr üzrə bölgüsündə də yerdəyişmələr görsənməkdədir.
Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “alman”, "xruşovka", “kiyev” “stalinka” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq sayı göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər əsasən bütün növ mənzillərin payına düşüb. Satışı heç də 3 otaqlı mənzillərdən geri qalmayan 2 və 1 otaqlı mənzillərin təklif sayında isə azalma daha çox müşahidə olunub. Nəticə olaraq isə az otaqlı mənzillərin payında azalma müşahidə olunub.
Ay üzrə orta qiymətlərdə və qiymət indeksində artım müşahidə edilib. Orta qiymət aprel ayı ərzində 2074 $/kv.m-dən 1,78% artaraq 211$/kv.m-ə qədər yüksəlib. Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib.
Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri aprel ayı ilə müqayisədə 0,23%, ucuz evlərin qiymətləri isə 1,2% artımla yadda qalıb. Ay ərzində moda 2 548$/kv.m stabil qalıb, median isə 2 017 $/kv.m-dən 3,17% artaraq 2 081 $/kv.m təşkil edib. Göründüyü kimi, qiymət strukturunda ağırlıq mərkəzi yuxarı istiqamətdə dəyişib.
Bazarda qiyməti 85-95 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,2%-ə malikdir. Mənzillərin orta otaq sayı 2,38, hər otağın orta satış qiyməti 70 937 ABŞ dolları, mənzilin orta qiyməti 168 829 ABŞ dolları, daimi struktur ilə isə 138 234 dollar təşkil edib.
Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi artım müşahidə edilib. Bunu son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda satışın artması, uyğun olaraq əmlakın ekspozisiya müddətinin azalmasına səbəb olub.
Ötən ilin sonundan davam edən qiymət artımı bu ilin ötən 5 ayında da davamlı olub. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərə çarpacaq qiymət artımı olmadığı halda daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilib. Ölkə əhalisinin gəlirləri artdıqca mənzil şəraitlərini yaxşılaşdırmağa üstünlük verirlər. Mənzil bazarında qiymət artımı bank depozit faizlərini üstələdiyindən investorlar bu bazara daha çox üstünlük verməyə meyllidirlər. Rusiya və Ukraynada baş verən hadisələr Azərbaycan daşınmaz əmlak bazarına pul kütləsinin təzyiqinin artımına səbəb olub. Mənzil tikintisi bazarında bazar iştirakçılarının sayı azaldıqca, süni qiymət artımı imkanları daha da çoxalır.