Bunu “APA-Economics”ə açıqlamasında bina köçürülməsi əməliyyatını həyata keçirəcək “Bresser Eurasia BV” şirkətinin təsisçisi Leon Sveeger deyib.
Bəzi sosial şəbəkələrdə binada çat olması barədə yayılan məlumatlara münasibət bildirən L.Sveeger qeyd edib ki, şirkət maraqlanan insanlar üçün “açıq qapı” günləri təşkil edir: “Sabah saat 13:00-dan etibarən 2 gün ərzində istənilən şəxs binaya təşrif buyurub vəziyyəti ilə tanış ola bilər. Hər bir qonaq üçün bina ilə tanışlıq və relokasiya üzrə qısa məlumat turu təşkil olunacaq”.
L.Sveeger bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa əsasən, bu binada artıq 4 aydır ki, yaşayış yoxdur. Bundan əlavə, müvəqqəti yaşayan sakinlər də şəxsi əşyalarını götürüblər.
Qeyd edək ki, Füzuli küçəsindəki sözügedən tarixi binanın çəkisi 18 min tondur və qarşıdakı günlərdə 10 metr aralı çəkiləcək. Şəhər rəhbərliyi binanın yerinin dəyişilməsinə iki səbəbdən qərar verib: yolların genişləndirilməsi və tarixi-mədəni abidənin qorunması. İşləri 30 ildən artıq bu sahə üzrə geniş təcrübəyə malik “Bresser Eurasia BV” şirkəti həyata keçirəcək. Relokasiya işlərinə aprelin 18-dən başlamaq planlaşdırılır.