Bakı. Anaxanım Hidayətova – APA-Economics. Martın 1-də İstanbulda Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi üzrə üçtərəfli şuranın növbəti, beşinci toplantısı keçiriləcək.
«APA-Economics»in Türkiyə KİV-nə istinadən verdiyi məlumatına görə, görüşdə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Giorgi Kvirikaşvili iştirak edəcəklər.
Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.
Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.