Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün tam şərait yaranıb. Hazırda artıq köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqramın hazırlanmasına ehtiyac var”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və sərvətlər nazirinin müavini Hüseyn Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi durumu elə vəziyyətdədir ki, bu işlərin aparılması üçün şərait yetişib. Şəhərin müasirləşdiyini, yaxşı şəhərsalma texnologiyalarının tətbiq olunduğunu deyən nazir vurğulayıb ki, Bakıda elektrik avtomobilləri və onların akkumulyatorlarının doldurulması üçün məntəqələrin yaradılması ətraf mühit üçün faydalı olar: ““Azərbaycanda köhnə avtomobillərin sayının məhdudlaşdırılması işləri aparılır. Amma hazırda mövcud olan avtomobillər də köhnəlir. Buna görə də mərkəzləşdirilmiş proqramın olması məsələsi getdikcə aktuallaşacaq. Bunun gələn ildən həyata keçirilməsini indidən demək çətin məsələdir”.
Bakının inzibati rayonlarının ekoloji vəziyyətinə gəlincə, nazir qeyd edib ki, böyük infrastruktur layihələri başa çatandan sonra bütün şəhərdə vəziyyət tamamilə dəyişməlidir: “Amma şəhərin kənar rayonlarında daha çox ekoloji problem var və bunların da qarşısını almaq üçün zamanla müvafiq işlər görüləcək”.