APA-nın məlumatına görə, stansiya barədə dövlət başçısına məlumat verən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, elektrik stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunub. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdiriləcək və sistemlə paralel rejimdə işləyəcək.
Stansiyanın təməlini 2008-ci il aprelin 18-də Füzuliyə səfəri çərçivəsində dövlət başçısı qoyub. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilib.
Elektrik stansiyasının suqəbuledici qurğusu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılıb. Stansiyanın ərazisində həmçinin 110 kilovoltluq yeni yarımstansiya tikilib və onunla əlaqəli digər yarımstansiyalar yenidən qurulub. İlkin mərhələdə 35 nəfərin işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaq. Stansiyada ildə 100 milyon kilovat/saata yaxın elektrik enerjisi istehsal olunacaq.
Stansiyada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.