Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qabon gömrük xidməti nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Azərbaycan Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu gün Qabon İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyi Gömrük və vasitəli Vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquenin rəhbərlik etdiyi nümayəndə heyəti Xaçmaz Gömrük İdarəsində görüş keçirib, eləcə də bu idarənin «Samur» gömrük-buraxılış məntəqəsinə baş çəkib.
Burada qonaqlara məlumat verilib ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.
Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri var. Gömrük-buraxılış məntəqəsində «bir pəncərə» sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Xatırladaq ki, dünən Qabon nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Komitənin Kinoloji Mərkəzi, «Azərterminalkompleks» Birliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə tanış olub.
Qeyd edək ki, Qabon nümayəndə heyəti oktyabrın 28-dən Azərbaycanda səfərdədir, səfər oktyabrın 31-dək davam edəcək.