Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş iclas keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş iclas keçirilib
# 21 fevral 2013 13:08 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) dövlət başçısının «Elektron hökumət» portalı haqqında əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssislərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib.

 

«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov son illər ölkədə informasiya və kommunikasiya texnologiyaları inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, ölkə prezidentinin 2013-cü ilin Azərbaycanda «İKT ili» elan edilməsi barədə sərəncamını xatırladaraq sərəncamın bu sahəyə dövlət tərəfindən böyük önəm verildiyini bildirib.

 

İ.Məmmədov həmçinin, dövlət başçısının 2013-cü il 5 fevral tarixli fərmanında nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətini qeyd edərək onların vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb və fərmanda bir sıra dövlət orqanları qarşısında qoyulmuş vəzifələr açıqlanaraq onların icrası istiqamətində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib: «Artıq bu istiqamətdə hər bir dövlət orqanına tapşırılmış vəzifələrin tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün RİTN tərəfindən dövlət orqanlarına aidiyyəti üzrə müraciətlərin göndərilib».

 

Tədbirdə fərmanla əsasnaməsi təsdiq olunmuş və yaradılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişafı RİTN tərəfindən həyata keçirilən «Elektron hökumət» portalının cari iş vəziyyəti və ondan səmərəli istifadənin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Portal vasitəsilə göstərilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

 

İştirakçılara fərmanla verilmiş tapşırıqlarla bağlı RİTN tərəfindən aparılan işlər barədə məlumat verilib. Fərmanda nəzərdə tutulmuş tapşırıqlardan biri kimi «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsinin hazırlanması ilə bağlı təkliflərin verilməsi üçün iclasda iştirak edən bütün dövlət qurumlarının nümayəndələrinə müraciət edilib. Daha sonra fərmanda nəzərdə tutulmuş digər tapşırıqların icrası barədə fikir mübadiləsi aparılıb.

 

İclasda Ədliyyə, Vergilər, Təhsil, Mədəniyyət və Turizm, Maliyyə nazirliklərinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin və bir sıra digər dövlət orqanlarının nümayəndələri çıxış edərək təmsil etdikləri dövlət orqanları tərəfindən fərmanın icrası istiqamətində görüləcək işlər barədə məlumat veriblər, bu istiqamətdə qarşıda duran çətinliklər və problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

 

İclasda müvafiq olaraq elektron xidmətlərin təşkili ilə bağlı dövlət orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər barədə iştirakçılara geniş məlumat verilib və bu istiqamətdə yaranan suallar cavablandırılıb.

 

İclasın sonunda fərmanın müddəalarından irəli gələn məsələlərin nəzərdə tutulmuş müddətlərdə həlli üçün görüləcək işlər barədə ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR