Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsveçin Azərbaycandakı səfiri Mikael Erikssonla görüşüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, eləcə də İKT-nin ölkədə növbəti dəfə prioritet sahə elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan səfir qeyd edib ki, İsveç də İKT sahəsində aparıcı ölkələrdən biri olmaqla, Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanı Qafqazda sözügedən sahədə strateji tərəfdaşı kimi görür. İsveçin aparıcı şirkətlərinin Azərbaycanda İKT sahəsinə investisiya yatırımında maraqlı tərəf kimi çıxış etdiyini də diqqətə çatdıran M.Erikssonun sözlərinə görə, Azərbaycanda fəaliyyətə başlayacaq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, həmçinin yaradılması nəzərdə tutulan texnopark, İT universiteti kimi təşəbbüslər bu layihələrin gerçəkləşməsinə təkan verəcək.
Növbəti ildə Azərbaycan-İsveç biznes forumunun keçirilməsi təşəbbüsünü də irəli sürən diplomat gələn il İsveçin milli pavilyonla «BakuTel-2013» sərgisində iştirakının və bu sərgidə istehsal və xidmətlərinin təqdim edilməsinin, həmçinin birinci Azərbaycan-İsveç İKT forumunun keçirilməsinin əhəmiyyətinə də toxunub.
Azərbaycan-İsveç münasibətlərinin ölkələrin mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq kontekstində öz inkişafını davam etdirəcəyinə əminliyini bildirən Ə.Abbasov bu münasibətlərin İKT sahəsində daha da genişlənəcəyini, həmçinin Azərbaycanın isveçli sərmayədarlara da açıq olduğunu vurğulayıb.