Bakı – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə Komitə tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli fərmanının icrası məqsədilə Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş «Elektron xidmət növlərinin Siyahısı»nda Komitəyə aid edilmiş 13 adda elektron xidmətin göstərilməsinə başlanılıb.
Komitənin elektron xidmətlərinin 3-ü akkreditasiya, 6-sı patent, 2-si standartlaşdırma, 1-i metrologiya sahələrinə, 1-i isə cərimələrin onlayn ödənişinə aiddir. Belə ki, artıq sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər laboratoriyaların və sertifikatlaşdırma orqanlarının akkreditasiyası, həmçinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı işləri, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların alınması və s. ilə bağlı müraciət və sənədləri elektron formada - Komitənin elektron xidmətlər sisteminə (www.e-xidmet.azstand.gov.az) daxil olmaqla göndərə, həmçinin dövlət rüsumlarını real vaxt rejimində onlayn ödəyə bilərlər.