Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim etdiyi Bərk Məişət Tullantılarının Yandırılması Zavodu üzrə karbon krediti layihəsi ötən ilin sonunda BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasında qeydiyyatdan keçib.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin dekabr ayında istismara verilən tullantıların zərərsizləşdirilməsi sahəsində Azərbaycanda ilk Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tullantıların çürüməsi nəticəsində ətraf mühitə atılan istilik effekti yaradan qazların əmələ gəlməsinin qarşısını alacaq. On illik qeydiyyata alınmış karbon krediti layihəsi çərçivəsində Təsdiqlənmiş Emissiya Azalması (CER) təqribən 661 462 ton CO2 (istilik effekti yaradan qazlar) təşkil edəcək.
Təmiz İnkişaf Mexanizmi inkişaf etməkdə olan ölkələrə emissiyaların azaldılması məqsədilə hər biri 1 ton CO2-yə bərabər olan karbon kreditləri almağa imkan yaradır.
Qeyd edək ki, Təmiz İnkişaf Mexanizmi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasına əsasən yaradılıb. Mexanizm bu ölkələrə emissiyaların azaldılması üzrə öhdəliklərini yerinə yetirməyə kömək etməklə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində davamlı inkişafı stimullaşdırır.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio de Janeyroda (Braziliya) iyunun 3-14-də keçirilən Ətraf Mühitin Mühafizəsi və İnkişafa dair Konfransında razılaşdırılmış beynəlxalq ətraf mühit sazişidir. Sazişin məqsədi atmosferdə istilik effekti yaradan qazların toplanmasını iqlim sisteminə təhlükəli antropogen təsirin qarşısını alacaq miqdara endirməkdir.