Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın sərhəd kəndlərində İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Tovuz rayonunun ən ucqar kəndlərində müasir ATS-lər istifadəyə verilib.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, layihənin ardı olaraq kənd və şəhər arasında rəqəmsal fərqin aradan qaldırılması məqsədilə həyata keçirilən işlərin tərkib hissəsi olaraq kəndlərin optik kabellərlə təchiz edilməsi istiqamətində işlər aparılır. Layihə yaxın vaxtlarda başa çatdırılacaq.
Ümumilikdə kəndlər üzrə 100 km-dək kabel xətti çəkilib. Hazırda Girzan kəndi istiqamətində işlər gedir. Bu işlər bitdikdən sonra Çeşməli kəndi ilə yanaşı, daha 5 kəndin optikləşdirilməsinə başlanılacaq.
Qeyd edək ki, rayon Telekommunikasiya Qovşağı tovuzlulara 27 kənd ATS-i vasitəsilə xidmət göstərir. Rayon üzrə kəndlərlə birlikdə 1 480 genişzolaqlı internet abunəçisi mövcuddur.