«APA-Economics»in aviaşirkətə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Kiyevdən İrəvana və Praqaya aviareyslər yerinə yetirilməyib. Sonuncu məlumatlara əsasən, Kiyevdən Varşava, Afina, Buxarest, Simferopol, Minsk, Donetsk, Odessaya, o cümlədən aviaşirkətin Afina, Buxarest, Simferopol, Minsk, Donetsk və Odessadan Kiyevə aviareysləri təxirə salınıb.
Eyni zamanda, aviaşirkət yanvarın 5-8-də də bir sıra aviareysi yerinə yetirməyib. Buna baxmayaraq, «Aerosvit» yanvarın 8-də Kiyev-Bakı-Kiyev aviareysini cədvəl üzrə yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, «Aerosvit» sözügedən marşrut üzrə uçuşları hər həftənin II, III, V və VII günləri yerinə yetirir: «Ötən gün Kiyevdən Bakıya təyyarə 06:15-də enib və saat 07:30-da əks istiqamətdə havaya qalxıb. Bugünkü Kiyev-Bakı aviareysi bizə məlum olmayan səbəblərə görə 1 saatlıq təxirə salınıb. Təyyarə cədvəl üzrə saat 17:55-də Bakıda enməli və saat 19:05-də əks istiqamətdə havaya qalxmalıdır. Lakin ləngimə səbəbinə görə Kiyev-Bakı-Kiyev aviareysi gecikmə ilə yerinə yetiriləcək».
Qeyd edək ki, «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edib. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflas olması barədə işin başlanmasına dair qərar qəbul edib. Bu addımla aviaşirkət öz vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Hazırda «Aerosvit»in bir çox ölkələrdə aviareysləri ləğv olunur ki, hava limanlarında yüzlərlə sərnişin ləngiyir.