Bank Of Baku

Xızıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Xızıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib
# 28 fevral 2013 16:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Xızıda «Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər» mövzusunda tədbir keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Xızı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd edib ki, «Elektron Hökumət»ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir: «İqtisadi İnkişaf Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının «on-line» rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb».

 

İqtisadi İnkişaf Nazirliyi tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini «on-line» rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər.

 

Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə «on-line» rejimində qəbula yazılma, müraciətlərin «on-line» rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, «on-line» rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı, elektron ticarət portalı, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

 

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək” layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydaları, Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

 

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən «online» rejimində istifadə prosedurunu nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR