Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın avtomat sürət ötürücü qutusu və ABS əyləc sistemi olmayan minik avtomobillərinin ölkəyə idxalına qoyduğu qadağa Azərbaycanla Rusiyanın «AvtoVAZ» şirkəti arasında əməkdaşlığına təsir etməyəcək. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Onun sözlərinə görə, «AvtoVAZ» artıq «VAZ-2107» kimi klassik modellərin istehsalını dayandırıb və yaxın gələcəkdə «Samara» avtomobil modellərinin də istehsalını bitirəcək: «Azərbaycanda əsasən gənclər arasında populyar olan «VAZ-2107» avtomobil modellərini «Lada Granta», «Lada Priora» və «Lada Kalina» kimi yeni avtomobil modelləri əvəzləyib. Ümid edirəm ki, Azərbaycanın avtomat sürətötürücü qutusu və ABS əyləc sistemi olmayan minik avtomobillərinin ölkəyə idxalına qoyduğu qadağa Azərbaycanla «AvtoVAZ» arasında əməkdaşlığa təsir etməyəcək və əlaqələr təhlükəsizliyə tam cavab verən yeni modellərlə inkişaf etdiriləcək».