«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, Fondun nizamnamə fondunun 15 mln. manat olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dövlət başçısının 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb.
Fondun məqsədi Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap (“start-up”) şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsi həyata keçiriləcək.
Fondun digər vacib vəzifəsi İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli və sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsindən ibarətdir. Fondun həyata keçirdiyi investisiya siyasəti İKT sektoruna yerli və xarici investisiyaların cəlb olunmasının təşviqindən ibarət olacaq. Belə ki, birgə şirkətlərdə payçı kimi iştirak edərək, Fond öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış etmək və Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artırmaq niyyətindədir.