Bakı – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, Yeni il ərəfəsində sərnişin sıxlığını nəzərə alıb 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin ediləcək.
Qatar 28 dekabr 2012-ci ildə saat 19.30-da Bakıdan yola düşəcək, 29 dekabr 2012-ci ildə saat 10.15 Tbilisiyə çatacaq.
Qatar 2 yanvar 2013-cü ildə saat 21.10-da Tbilisidən yola düşəcək, 3 yanvar 2013-cü ildə 12.30-da Bakıya çatacaq.
Sərnişin sıxlığını qismən də olsa, aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.