Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» ASC Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər) çərçivəsində Zabrat-Maştağa-Buzovna avtomobil yolunun yenidən qurulması və bərpası işlərinə başlayıb.
«APA-Economics»in ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, ümumi uzunluğu 14 km olan Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Maştağa hissəsinin uzunluğu 5 km, hərəkət zolaqlarının sayı 4, Maştağa-Buzovna hissəsinin uzunluğu 9 km, hərəkət zolaqlarının sayı 2-dir. Yenidənqurma və bərpa işlərindən sonra müvafiq olaraq Zabrat-Maştağa avtomobil yolunda hərəkət zolaqlarının sayı 6, Maştağa-Buzovna avtomobil yolunda hərəkət zolaqlarının sayı isə 4 olacaq.
Artıq yenidənqurma və bərpa işlərinə başlanılıb və sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq, yolun Zabrat-Maştağa hissəsində qrunt sularının səviyyəsinin yüksək olmasını nəzərə alaraq, yolun müəyyən hissələrində torpaq yatağı qaldırılıb, suların nizamlı axınını təmin etmək üçün suötürücü boru xətləri quraşdırılır və bəzi hissələrdə artıq asfalt-beton örtüyün alt layının tikilməsinə başlanılıb.