“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, layihənin gedişi haqqında məlumat verən ASC-nin baş direktoru Xaqani Quluzadə bildirib ki, işlər plana əsasən həyata keçirilir.
İlk olaraq ərazidə mövcud olan çoxsaylı kommunikasiya xətləri dəyişdirilib və daha müasir vasitələrlə əvəzlənib. İşlərin ilkin mərhələsi yekunlaşdıqdan sonra tunellərin tikintisi üzrə işlərə start verilib və hazırda bu iş davam etdirilir. Xaqani Quluzadə hazırda tamamlanmaq üzrə olan tunelin dizayn memarlığının İtaliyanın “Venezia Design” şirkəti tərəfindən yerinə yetirildiyini bildirib. Divarların yanğına davamlı fibrobeton materialından olmasını diqqətə çatdıran baş direktor bu tunelin əsas özəlliyinin işıqlandırma sistemi ilə bağlı olduğuna diqqət çəkib. O bildirib ki, tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və yarimkeçirici diodlar əsasında (LED) işləyən ən müasir işıqlandırma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsilə idarə olunur. İşıqlandırıcılar çeviricilər vasitəsilə 12 volta çevrilmiş gərginliklə işlədiyi üçün enerjiyə 3 dəfə qənaət etməklə yanaşı, həm də təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunelin tavanında quraşdırılan projektorlar bir neçə rejimdə - gündüz, gecə və qəza rejimlərində çalışır. Tuneldə fasiləsiz enerji təminatı məqsədilə 90 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək temperaturlarda yanmayan izolə materiallardan hazırlanıb.
Nazirin diqqətinə o da çatdırılıb ki, tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. Nazir Ziya Məmmədov tunelətrafı ərazilərdə aparılan, kommunikasiya xətlərinin yenilənməsi ilə bağlı olan işlərlə də tanış olub və görülən işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə “Gənclik” metro stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını “Akkord” həyata keçirir. Sinqapur şirkəti tərəfindən hazırlanan layihə ərazidə 6 tunelin, 8 piyada keçidinin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, “Gənclik” metro stansiyasında əlavə iki yeni çıxışın inşası planlaşdırılıb. İlk olaraq “Gənclik” metro stansiyasının Atatürk prospektinə çıxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib və istifadəyə verilib. Layihəyə əsasən bu ilin sonuna Həsən Əliyev prospektində inşa edilən 6 saylı tunelin tikintisinin yekunlaşması gözlənilir.
Bundan başqa, Atatürk prospektində, Həsən Əliyev prospekti istiqamətində daha 8 yeraltı piyada keçidinin tikintisi də layihədə nəzərdə tutulub. Layihədə Atatürk və Vaqif prospektlərinin birləşdirilməsi, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq Təbriz küçəsindən qalxan avtomobillərin “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxması, həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmə təmin olunacaq.