Ötən il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 924 yol nişanları, 6 927 siqnal dirəkləri, 2 352 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 2 476,9 min kvadrat metr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118 pm beton bordür, 129,4 kvadrat metr tamet bəzək daşı, 103 kvadrat metr asfalt-beton örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 kvadrat metr alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşüb.
S. Məmmədov əlavə edib ki, ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib, bundan 524,8 min manatı (72,3 %) ödənilib.
"Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 69 yol nəqliyyat hadisəsi törədən səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub", - S. Məmmədov qeyd edib.