"Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilib

"Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilib
# 18 sentyabr 2015 10:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilib.

Ölkəmizin Macarıstandakı səfirliyinin mətbuat xidmətində APA-ya verilən məlumata görə, səfir Vilayət Quliyev kitaba "Dahi bəstəkar. Böyük vətəndaş" adlı geniş müqəddimə yazıb.

Əsərin "Əlavələr" bölməsində Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilib.

Kitabın tərcüməçisi indiyədək Azərbaycan ədəbiyyatından bir sıra nümunələri çevirən Tamaş Varhegidir.

Kitab təmənnasız olaraq Ferens List Musiqi Akademiyasına, habelə musiqi məktəblərinin kitabxanalarına hədiyyə edilir.

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə bağlı Budapeştdə digər mühüm tədbir də hazırlanır. Söhbət "Dunay" simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarının əsərlərindən ibarət konsertdən gedir. Dekabrın ilk ongünlüyündə baş tutacaq konsertin dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR