Baba Vəziroğlu: “Qayda-qanunlara əməl eləsək, bu bəladan asanlıqla qurtulacağıq”

Baba Vəziroğlu: “Qayda-qanunlara əməl eləsək, bu bəladan asanlıqla qurtulacağıq”
# 22 mart 2020 14:03 (UTC +04:00)

“Koronavirusla mübarizə ilə əlaqədar dövlət tərəfindən atılan addımlar çox yüksək səviyyədədir”.

Bunu APA-ya açıqlamasında şair-yazıçı Baba Vəziroğlu bildirib.

B. Vəziroğlu deyib ki, koronavirusla mübarizədə dövlətin ən ali rəhbərliyi səviyyəsində hər cür tədbir görülür: “Xəstəliyin pandemiyaya çevrilməməsi, mövsümi infeksiya kimi gəlib-keçməsi üçün bütün xırdalıqlar nəzərə alınır ki, insanlarımız yoluxmasın, bizdə də dünyanın bir sıra ölkələrindəki kimi ölüm halı yüksəlməsin. Xəstələnənlər varsa belə, izolə olunsunlar, sağalıb evlərinə qayıtsınlar”.

Onun sözlərinə görə, insanların xəstəliyə münasibətindən asılı olaraq gələcək taleləri də müəyyənləşəcək: “İndiki halda soyuq başla hərəkət eləmək lazımdır. Dövlət hər şeyi nəzərə alır, ən ali çinli məmurlar Nazirlər Kabinetinin koronavirusla mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın üzvüdürlər. Hər gün informasiyalar verilir, müəyyən tədbirlər görülür. Koronovirus şübhəsi olan xəstələr üçün xüsusi xəstəxanalar ayrılıb, yüksək izolyasiya şəraitində orda qalırlar. Bu tədbirlərin nəticəsində ölənlərin sayı hələ ki, bir nəfəri keçməyib. Rayonlarla əlaqənin kəsilməsi də problemlərin lokal şəkildə həll edilməsi baxımından lazımi tədbirdir. Çünki Bakı böyük meqapolisdi, gündə şəhərə bəlkə milyon adam gəlib-gedir. Onlara nəzarət eləmək çətindir. İraq olsun, bu şəkildə virusun qarşısını sonradan görülən tədbirlərlə almaq olmaz. İlkin mərhələdə yolların bağlanmasının çox böyük effektiv nəticəsi olacaq, infeksiyanın Bakıdan rayonlara, rayonlardan Bakıya yayılaraq geniş areal almasına imkan verilməyəcək”.

B.Vəziroğlu deyib ki, dünyada hazırda insanların qarşılaşdıqları yaşam tərzini ekstremal vəziyyət hesab etmək olar: “Belə şəraitdə hər kəsin bir məsləhəti ola bilməz. Bu barədə dövlətin xüsusi proqramı var, bu proqram əsasında qayda-qanun tərtib olunub. Bütün tövsiyələrin hamısı qaydalarda yazılıb. Sadəcə, bizim dövlətimizə dəstəyimiz bu ola bilər ki, qoyulan qaydalara əməl edək. Şəxsi və ictimai gigiyena qaydalarına riayət edək. Dövlətin bu cür əhatəli proqramına əməl etdikdən sonra yenidən Amerika kəşf etmək ehtiyacı qalmır. Sadəcə, o qayda-qanunlara düzgün, hərf-hərf əməl eləsək, inşallah bu bəladan asanlıqla qurtulacağıq”.

O, vətəndaşlara sosial izolyasiyadan istifadə edərək kitab oxumağı da məsləhət görüb, kitab oxumağın həmişə gərək olduğunu, lakin indiki halda kitab oxumaq, musiqi dinləmək, filmə baxmaq üçün xüsusi məqam yarandığını vurğulayıb.

B.Vəziroğlu yaradıcı insanlara şəxsi arxivlərini qaydaya salmağı da tövsiyə edib: “Həyatın əvvəlki xaoslu vaxtında bunu eləməyə imkanımız olmur. Bir də görürsən hansısa kitabı, nə vaxtsa yazdığın bir yazını axtarırsan, amma bilmirsən hara qoymusan. İndi isə zorən təsərrüfatçı olmaq, səliqə-səhman yaratmaq məqamı yetişib. Hər kəs öz evində qalıb özünün bədii təsərrüfatında səliqə-səhman yarada, arxivini qaydaya sala bilər. Çexov deyir ki, ən böyük bədbəxtlik bekarlıqdır. Bundan böyük bədbəxtlik yoxdur. Özümüz bekar qalıb bədbəxt olmağa qoymayaq, həmişə nəyləsə məşğul olaq. Onda gün də nə zaman keçir bilmirsən”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR