“Azəryolservis” payız-qış mövsümü ilə əlaqədar hazırlığa başlayıb

“Azəryolservis” payız-qış  mövsümü ilə əlaqədar hazırlığa başlayıb
# 17 noyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə artıq əmr hazırlanıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin bildirib.

P. Mürsəliyev bildirib ki, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb. Bundan əlavə, Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir.

“Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq. Bütün proses tam nəzarətdədir. Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı, saz və hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var”, - deyə qurum rəsmisi qeyd edib.

İlkin mərhələ olaraq 24 885 kub metr qum, 1 160 ton texniki duz ehtiyatı yaradılıb, 500 ton texniki duzun əlavə alınması üçün müqavilə bağlanıb. Bundan başqa, 1 047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib.

Zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşım-mexanizmlər və nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR