Şəhərlər iqlim həllərinin əsas hərəkətverici qüvvələri kimi tanınmalıdır.
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının növbəti panel müzakirəsində deyib.
Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafı və iqlim fəaliyyəti bir-birindən ayrılmazdır.
“Şəhərlər yalnız iqlim dəyişmələrinə həssas məkanlar kimi deyil, həm də iqlim həllərinin, innovasiyaların, dayanıqlılığın və inklüziv artımın əsas hərəkətverici qüvvələri kimi tanınmalıdır”, — Şlapaçenko bildirib.
BMT rəsmisi qeyd edib ki, COP31-ə gedən yolda əsas kollektiv çağırış iqlim sahəsindəki ambisiyaların real icraya çevrilməsidir.
O vurğulayıb ki, milli iqlim öhdəlikləri şəhər inkişaf strategiyalarında, məkan planlaşdırılmasında, infrastruktur investisiyalarında və yerli qərar qəbuletmə proseslərində öz əksini tapmalıdır.
“İqlim və şəhər siyasəti artıq ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərə bilməz. Dayanıqlı, aşağı karbonlu və iqlimə davamlı şəhərlər qurmaq istəyiriksə, bu siyasətlər inteqrasiya olunmalıdır”, — Şlapaçenko deyib.
Onun sözlərinə görə, şəhərlərin transformasiyası bütün sektorlar və dövlət idarəçiliyinin müxtəlif səviyyələri arasında əlaqələndirilmiş fəaliyyət tələb edir: “Milli öhdəliklərlə yerli icra arasındakı boşluğu aradan qaldırmaq milli və yerli hökumətlərin, icmaların, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik dairələrin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir”.