Azərbaycan-Çin əməkdaşlığı: Münasibətlər inkişaf yoluna qədəm qoyub - TƏHLİL

Azərbaycan-Çin əməkdaşlığı: Münasibətlər inkişaf yoluna qədəm qoyub - TƏHLİL
# 05 sentyabr 2023 14:01 (UTC +04:00)

Son zamanlar Azərbaycanın Çinlə siyasi, iqtisadi, nəqliyyat əlaqələrinin yüksək inkişaf dinamikası sezilməkdədir.

APA-Economics” xəbər verir ki, 2023-cü ili hər iki ölkə arasında uğurlu, inkişaf dolu il də adlandıra bilərik.

Qarşılıqlı əlaqələrin konturu

Hər iki ölkə arasında yüksələn əlaqələri iqtisadi sahədə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, “Şərq-Qərb”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlıqlar və ötən həftə Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı daha da gücləndirdi. Bununla yanaşı, rəsmi səfərlər zamanı tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin vacibliyini qeyd edirlər.

Genişlənən siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakına da gətirib çıxarıb ki, bu da öz növbəsində Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə səbəb olub.

İnfrastruktur layihələrində birgə iştirak

Qədim İpək yolunun üzərində yerləşən Azərbaycan və Çinin yüksələn xətt üzrə inkişaf edən ikitərəfli iqtisadi əlaqələrini ən çox infrastruktur layihələrində görə bilərik. Həm Azərbaycan, həm də Çinin birgə infrastruktur layihələri icra etməsi qarşılıqlı etimada əsaslanan işin göstəricisidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin, Orta Dəhlizin Azərbaycan seqmenti üzrə əməkdaşlıq, işğaldan azad edilən ərazilərin tikinti-quruculuq işlərində Çin şirkətlərinin iştirakı, Azərbaycanın isə “Bir kəmər, bir yol” layihəsinə qoşulması, Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiya yatırması, Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirakı ilə hər iki ölkənin qarşılıqlı iqtisadi əlaqələri daha da möhkəmlənir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşıb.

Orta Dəhliz hər iki ölkə üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliyyat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

Bundan başqa, hər iki ölkənin nümayəndə heyətlərindən ibarət qarşılıqlı səfərlər zamanı tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirələr aparır, ölkəmizin “yaşıl enerji" potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat mübadiləsi aparır.

Zəngəzur dəhlizinə maraq

Azərbaycanın müzəffər ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi regionda yeni geosiyasi mənzərəni ortaya çıxardı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatda yer verilən sonuncu bənddə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsindən bəhs edilir ki, bu da Zəngəzur dəhlizinin açılmasını labüd etdi. Bu dəhliz regiona nəinki yeni nəfəs gətirəcək, uzun illər ərzində blokadada qalmış Naxçıvan Muxtar Respublikası, Çindən Avropaya və əks istiqamətdə uzun yol və zaman qət edərək çatdırılan yükdaşımalar üçün “ağciyər” rolunu oynayacaq.

Zəngəzur dəhlizinin əhəmiyyətini artıran digər amil illik 600 mlrd. dollarlıq ticarət dövriyyəsinin baş tutduğu marşrutun üzərində yerləşməsidir. Söhbət Çindən Avropaya, Çindən Türkiyəyə və Avropa-Türkiyədən Mərkəzi Asiya, Çinə olan quru yolu ilə qısa və tez zamanda çatdırılacaq yüklərin daşınmasından gedir. Çinin bu dəhlizə olan marağı təkcə yüklərin qısa zamanda çatdırılması deyil, həmçinin, söhbət marşrutun davamlı və təhlükəsiz olmasından gedir. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl tez-tez texniki məhdudiyyətlərlə əlaqədar olaraq Polşa-Belarus sərhədində problemlər yaşanırdısa, hazırda müharibə bu marşrutu birdəfəlik problemə çevirib. Çin eyni zamanda Orta Dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur dəhlizini ölkəsinin qərb regionlarını inkişaf etdirmək məqsədilə dəstəkləyir. Bütün bu amillər Çinin bu dəhlizə nə qədər önəm verdiyini ortaya qoyur. Çin Prezidenti Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində, rəsmi məktublarda da “Bir kəmər, bir yol” layihəsi üzərində yerləşən nəqliyyat marşrutlarının əhəmiyyətindən danışıb və bu marşrutlara verəcəyi dəstəyi xatırladıb.

İqtisadi əlaqələrin göstəriciləri

Yuxarıda qeyd olunan məsələlər təbii ki, ikitərəfli iqtisadi əlaqələrin əks olunduğu rəqəmlərdə özünü göstərməyə bilməzdi. Belə ki, həm Dövlət Statistika Komitəsinin, həm də Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, cari ildə Azərbaycanın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cüdür. Təkcə bu il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 mln. dollar olub. Qeyri-neft məhsullarının ixracı 23,3 mln. dollar təşkil edib.

Çindən Azərbaycana idxalın həcmi isə 1 mlrd. 556,2 mln. dollar olub ki, bununla da ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,4%-i Çinin payına düşüb. Beləliklə, Çin Azərbaycanın mal və məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Bundan başqa, Azərbaycan Çinin xüsusi inzibati rayonu olan Honkonqa ixracdan 1,6 mln. dollar gəlir əldə edib. Honkonqdan ölkəmizə cari ildə idxal olunan məhsulların həcmi isə 1,1 mln. dollar olub.

Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərdə də Çinlə olan iqtisadi əlaqələrə yer verilib. Belə ki, bu ilin I rübünün göstəricilərinə görə, Azərbaycan iqtisadiyyatına Çindən cəlb edilmiş birbaşa investisiya 3,54 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rəqəmlərdə 2,6 dəfə artım qeydə aılınıb.

Həmçinin, Azərbaycandan Çinə köçürülmüş vəsaitlərin həcminə baxsaq, burada da artım görə bilərik. Belə ki, bu ilin birinci rübündə Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratları barəsində məlumatda əks olunmuş göstəricilərə görə, ölkəmizdən Çinə 1,2 mln. dollar dəyərində pul köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,7% artım deməkdir.

Görünən budur ki, Azərbaycanla Çin arasında iqtisadi və siyasi müstəvidə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu isə hər iki ölkənin inkişafı üçün mühüm amil kimi qiymətləndirilə bilər.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR