Sabiq nazirin xalası oğlunun qətlində təqsirləndirilən qadının məhkəməsi yenidən başlayıb

Sabiq nazirin xalası oğlunun qətlində təqsirləndirilən qadının məhkəməsi yenidən başlayıb
# 16 fevral 2016 13:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra təqsirləndirilən şəxs bütün məhkəmə heyətinə etirazla bağlı vəsatət verib. Lakin məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Məhkəmənin hazırlıq iclası fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası ötən il noyabr 3-də keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin edərək işi ibtidai istintaqa qaytarmışdı.

Onu da qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR