Bank Of Baku

Azərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər

Azərbaycan Tarif Şurasının nümayəndələri CAREC ölkələri üçün keçirilən forumda iştirak ediblər
# 22 sentyabr 2008 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Tarif (Qiymət) Şurasının nümayəndələri Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Bişkəkdə (Qırğızıstan) keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələrinin Elektrik Enerjisi Tənzimləyicilərinin IV illik Forumunda (CMERF) iştirak ediblər.
Tarif Şurasından «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Monqolustan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Çin nümayəndələri, habelə AİB-in müxtəlif məsləhətçi şirkətlərinin ekspertləri iştirak edib. Toplantıda hər bir ölkə əvvəlki forumdan keçən müddət ərzində sektorda baş verən dəyişikliklər barədə məlumat verib və sualları cavablandırıb. Forum başa çatdıqdan sonra təşkil olunmuş seminarda əsasən «Dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsində tənzimləyicilərin rolu», «Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində tənzimləyicilərin rolu», «İstehlakçı hüquqlarının müdafiəsi və maarifləndirmə», «Əhali istehlakçı qrupları üzrə böyük sərbəstlik xartiyası», «Xidmətlərin stimullaşdırılmasında enerji səmərəliliyi və keyfiyyət», «Texniki göstərici standartları», «Təmiz ətraf mühitin formalaşmasında tənzimləyicilərin rolu», «Xərclər əsasında tariflərin formalaşdırılması» və digər mövzulara dair təqdimatlar dinlənilib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR