Bank Of Baku

«Standard&Poor’s»: Azərbaycan bank sistemi getdikcə böhranın təsirinə daha çox məruz qalır

«Standard&Poor’s»: Azərbaycan bank sistemi getdikcə böhranın təsirinə daha çox məruz qalır
# 09 iyun 2009 12:01 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycan bank sisteminə dair «Bank sektorunda risklərin təhlili: Azərbaycanın gənc, tam formalaşmamış bank sistemi getdikcə daha çox qlobal böhranın təsirinə məruz qalır» adlı hesabatını açıqlayıb.

«APA-Economics»in məlumatına görə, hesabatda ölkənin bank sisteminin yüksək sənaye və iqtisadi risklərlə üzləşməsi nəticəsində bu sektorun son bir neçə il ərzində yüksək artım tempi nümayiş etdirdikdən sonra potensial kredit keyfiyyəti (kredit ödəmə qabiliyyəti) və likvidliyin pisləşməsinə həssaslaşması qeyd olunur.

Agentlik mütəxəssislərinin fikrincə, ölkənin bank sistemi (BB+/Stable/B) yüksək
dollarlaşma, iqtisadiyyatın neft hasilatından asılılığı, bankların əsasən sənaye sahəsi üzrə konsentrasiyası və zəif risk idarəetməsi praktikası ilə səciyyələnir.

Buna baxmayaraq, bank sistemində makroiqtisadi artım üzrə ortamüddətli perspektiv qənaətbəxşdir, beynəlxalq borcalmalar və spekulyativ əməliyyatlar məhdud həddədir, banklar yetərli səviyyədə kapitallaşıb və maliyyə nəticələri yaxşıdır.

«Bu səbəblərdən Azərbaycanın bank sistemi bir çox digər MDB ölkələrinin məruz qaldığı qlobal iqtisadi böhranın təsirindən yayına bilib. Buna baxmayaraq, ölkənin bank sektoru makroiqtisadi mühitdə mümkün mənfi dəyişikliklərə qarşı zəif olaraq qalır və qlobal kontekstdə yüksək risk nümayiş etdirir. Bu, bank sektorunda risklərin qiymətləndirilməsi üzrə ölkənin aldığı 9 balda əks olunub (10 ballıq şkala üzrə; 1 bal ən yüksək səviyyəni göstərir)», - deyə agentlikdən bildirilib.

Bundan başqa, dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı aktivlər baxımından 43% bazar payı ilə dominantlıq edir, qalan 45 özəl bankın bazar payı isə 7% və daha aşağıdır.

Hesabatda həmçinin qeyd olunub ki, son dövrlərə qədər Azərbaycan regionda xarici birbaşa investisiyaların əsas yönəldiyi ölkə olsa da, neft istehsalı üstünlük təşkil etməklə sərmayələr iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə qeyri-mütənasib paylanıb (2008-ci ildə neft sektoru Azərbaycanda ÜDM-də 60% paya malik olub).

«Standard&Poor’s»un proqnozlarına görə, neft qiymətlərinin enməsi ilə 2009-cu ildə Azərbaycanın iqtisadi artım tempi 2008-ci ildəki 8,5%-ə qarşı 4,0%-dək düşəcək.

Ötən ilin sonuna, bankların ümumi kreditlərinin 49%-i xarici valyutada ayrılıb ki, bu da milli valyutada olan aktivlərin keyfiyyətini az ehtimal olunan, lakin mümkün olan devalvasiyasıdan asılılığını aydın göstərir.

«Hesab edirik ki, kredit şərtlərinin pisləşməsi və artımın səngiməsi bankların kredit xərclərində və problemli kreditlərində nəzərə çarpan yüksəlməyə səbəb olacaq. Biz Azərbaycanın maliyyə sistemi üzrə ümumi problemli aktivlərin səviyyəsinin 35-50% diapazonunda olacağını ehtimal edirik. Azərbaycanı öz bank sistemini «dəstəkləməyə hazırdır» kateqoriyasına aid edirik. Bu yanaşmaya uyğun olaraq, potensial dövlət dəstəyini nəzərə alaraq, özəl bankların reytinqlərinə əlavə dərəcə artırmırıq. Maliyyə gərginliyi halında hökumətin problemli müəssisələrə nəzarət və onların tənzimlənməsini artıracağı ehtimal olunur, ancaq hesab edirik ki, hökumət özəl baklara yalnız məhdud, növbədənkənar dəstək verəcək», - deyə hesabatda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR