Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı qeyri-müəyyənliklə səciyyələnir və bunun bir neçə səbəbi mövcuddur. Məsələn, agentlik mütəxəssislərinin fikrincə, qeyri-müəyyənlik bəzi geosiyasi risklər, həmçinin ölkənin siyasi, qanunvericilik və iqtisadi institutların yetərli səviyyədə inkişaf etməməsi, nisbətən kiçik adambaşına düşən ÜDM-in həcmi və «kölgə iqtisadiyyatı»nın böyük paya malik olması ilə əlaqəlidir.
Ümumilikdə isə agentlik tərəfindən cari və gələn illər üçün makroiqtisadi göstəricilər üzrə proqnozlar müsbətdir və artımı əks etdirir, halbuki dünya iqtisadi böhranı bir çox ölkədə iqtisadi artımı geriləməyə çevirib. Belə ki, «Standard&Poors» 2009-cu ildə Azərbaycanda ÜDM-in artım tempini 4,03%, gələn il 5,37%, adambaşına düşən ÜDM həcminin isə müvafiq olaraq 4 176 dollar və 5 247 min dollar səviyyəsində olacağını proqnozlaşdırır:
| 2010 (proqnoz) | 2009 (proqnoz) | 2008 | 2007 | 2006 | 2005 | 2004 | 2003 |
ÜDM (nominal, mlrd. manat) | 36,34 | 28,71 | 38,00 | 26,82 | 18,04 | 12,52 | 8,53 | 7,15 |
ÜDM (mlrd. dollar) | 45,43 | 35,89 | 46,58 | 31,23 | 20,19 | 13,24 | 8,68 | 7,28 |
ÜDM-in artımı (%) | 5,37 | 4,03 | 10,80 | 25,00 | 34,50 | 26,40 | 10,20 | 11,20 |
Əhalinin sayı (mln. nəfər) | 8,66 | 8,59 | 8,53 | 8,51 | 8,41 | 8,32 | 8,19 | 8,11 |
Adambaşına düşən ÜDM (dollar) | 5247,00 | 4176,00 | 5404,00 | 3474,00 | 2373,00 | 1592,00 | 1060,00 | 897,00 |
İstehlak qiymətləri indeksinin artımı (%) | 7,00 | 5,00 | 20,80 | 16,70 | 8,43 | 9,60 | 6,70 | 2,20 |
Özəl sektora daxili kreditlər (mlrd. manat) | 8,12 | 7,42 | 6,95 | 4,09 | 2,20 | 1,19 | 0,80 | 0,50 |
Özəl sektora və dövlət qeyri-maliyyə təşkilatlarına daxili kreditlər (mlrd. manat) | 9,39 | 8,58 | 8,03 | 4,73 | 2,42 | 1,47 | 0,96 | 0,60 |
Bank sektorunun xalis xarici aktivlərinin ÜDM-ə nisbəti (%) | (7,95) | (7,81) | (3,85) | (2,06) | (0,70) | 1,40 | 1,24 | 1,53 |
Özəl sektora və dövlət qeyri-maliyyə təşkilatlarına daxili kreditlərin ÜDM-ə nisbəti (%) | 25,84 | 29,89 | 21,63 | 17,64 | 12,92 | 11,72 | 11,24 | 8,39 |
Hesabatda deyilir ki, sözügedən mənfi amillərin təsiri büdcə və beynəlxalq ehtiyatların iri həcmləri, zəngin neft-qaz ehtiyatlarının olması ilə kompensasiya olunur, bu da ortamüddətli perspektivdə müəyyən qədər yüksək olan iqtisadi artımın templərinə dəstək olacaq.
Eyni zamanda, Azərbaycan bank sisteminin bank məhsullarının tətbiqi səviyyəsinin artırılması üçün geniş potensialın mövcudluğu vurğulanır. Agentliyin hesablamalarına görə, 2008-ci ilin dekabrın 31-nə məcmu ssuda borclarının ÜDM-ə nisbəti Azərbaycanda 19%-ə çatıb, halbuki Rusiya və Belarusda bu göstərici 40%, Ukraynada 77%, Gürcüstanda 33%, Qazaxıstanda 46% təşkil edir. Depozitlərin ÜDM-ə nisbəti isə Rusiyada 35%, Qazaxıstanda 40%-ə yaxın, Gürcüstanda 17%, Belarusda 20%-ə yaxın, Ukraynada 40%-ə yaxın olduğu halda Azərbaycanda 11%-ə bərabərdir.
«Son illər ərzində Azərbaycan keçmiş SSRİ respublikalarından daha sürətlə artan bazar iqtisadiyyatına malik olan ölkəyə çevrilməyə bacarıb. Ölkə iqtisadi sabitləşmə proqramını həyata keçirib və bunun nəticəsində inflyasiya 1994-cü ildəki 1800%-lik səviyyədən 2007-ci ildə 16,6%, 2008-ci ildə 20%-ə enib. Ötən il neft-qaz sektorunun ÜDM-də iştirakı 60% təşkil edib. Ölkə ticarətinin strukturu olduqca məhdud bazaya malikdir: məcmu ixracda neft sənayesinin payı 92%-ə yaxındır ki, bu da iqtisadiyyatı enerjidaşıyıcılarının qiymətlərinin enib-qalxmasından asılılığını gücləndirir. Biz gözləyirik ki, dünya iqtisadiyyatında geriləmə və onunla bağlı neftə tələbatın azalması nəticəsində 2009-cu ildə iqtisadi artım 4%-ə, 2010-cu ildə isə 5,4%-ə enəcək», - deyə hesabatda bildirilir.