Bank Of Baku

«Əmrahbank» yeni brend siyasətinin tətbiqinə başlayır

«Əmrahbank» yeni brend siyasətinin tətbiqinə başlayır
# 10 iyun 2009 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) həyata keçirilən restrukturizasiya planlarının nəticələrini əks etdirmək məqsədilə yaxın gələcəkdə yeni brend siyasətinin tətbiqinə başlayacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni brendin hazırlanması işinə brendlərin işlənməsi və tətbiqi sahəsində aparıcı beynəlxalq şirkət olan «McCann Erickson» cəlb edilib.

«Bank öz adını qoruyub saxlamaqla bərabər, diqqətini brendin, korporativ rənglər çələngi, internet səhifəsinin dizaynı və məzmunu, o cümlədən filialların eksteryer dizaynı, habelə imicin əksi olan digər məlumat daşıyıcılarının yenidən işlənməsinə yönəldəcək», - deyə bankdan bildirilib.

«Əmrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədovun sözlərinə görə, Bəhreynin Beynəlxalq İnvestisiya Bankı ilə strateji əməkdaşlığa başlandığı vaxtdan bankda bir sıra fundamental dəyişikliklər olub. Belə ki, yeni strategiya, missiya və məramlar, daha mükəmməl korporativ idarəetmə sistemi qəbul olunub və bunların tətbiqinə başlanılıb: «Hazırda beynəlxalq əməkdaşlıq genişlənir, yeni məhsul və xidmətlər təklif olunur. Təbiidir ki, bütün bu dəyişikliklər bizə mənsub və məxsus olan yeni dəyər, ənənə və məramların əksi olan yeni korporativ imicin işlənməsi zərurətini yaradıb».

E.Məmmədov bildirib ki, yeni loqotipdə «Əmrahbank»ın nümunəvi bir bank, Qərbin yenilikləri ilə Şərqin stabilliyini bir araya gətirməyə qadir olan bir təşkilata çevrilmək arzusu əks olunacaq.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR