Agentliyin hesablamalarına görə, Azərbaycanda kifayət qədər bank olsa da, dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı (ABB) dominant rolu oynayır. Belə ki, ABB-nin payına ümumi bank aktivlərinin 43%-i düşür. «Standard&Poor’s»un hesabatına əsasən, Azərbaycanın aktivlərə görə ən iri 10 bankının siyahısı aşağıdakı kimidir:
| 01.01.2009 | 01.01.2008 | ||
Aktivlər (mln. manat) | Bazarda payı (%) | Aktivlər (mln. manat) | Bazarda payı (%) | |
International Bank of Azerbaijan | 4,370 | 43 | 2,601 | 39 |
Bank Standard | 619 | 6 | 620 | 9 |
Kapital Bank | 578 | 6 | 249 | 4 |
Texnika Bank | 450 | 4 | 354 | 5 |
Unibank | 418 | 4 | 390 | 6 |
Xalq Bank | 404 | 4 | 212 | 3 |
Bank Respublika | 388 | 4 | 253 | 4 |
Nikoil Bank | 295 | 3 | 117 | 2 |
Azerdemiryolbank | 229 | 2 | 150 | 2 |
AGBank | 211 | 2 | 160 | 2 |
«Standard&Poor’s» agentliyi öz hesabatında vurğulayır ki, ölkənin bəzi bankları dolayısı ilə dövlət məmurları ilə əlaqəlidir. Dövlətə birbaşa məxsus olan ABB-nin (dövlətin payı - 50,2%) yaxın gələcəkdə özəlləşdirilməsini isə agentlik mütəxəssisləri mümkün saymır.
Ümumilikdə isə, əksər Azərbaycan banklarının bazar mövqelərinin davamlılığı yüksək deyil. Banklara çatışmayan xarakteristikalardan güclü brend və müştəri loyallığı vurğulanır. İnkişafda olan digər bank sistemləri kimi Azərbaycanda da banklar biznesin aşağı səviyyədə diversifikasiyası ilə seçilir və təklif edilən bank məhsulları sırasında ən sadə alətlər - kredit və depozit məhsulları üstünlük təşkil edir.
Hesabata əsasən, Azərbaycanda banklar öz gəlirlərini artırmaq məqsədi ilə bizneslərini genişləndirməyə çalışır və buna görə, ən məşhurlaşmış strategiya - pərakəndə bank xidmətlərinin tətbiqidir, çünki bu sahə yüksək marja və gəlir təmin edir. Pərakəndə xidmətlər sahəsi hesabına bankların diversifikasiya səviyyəsinin artırılması bankların bazarda mövqelərinin möhkəmlənməsinə xidmət edir, çünki əksər banklar korporativ müştəri bazasını şəxsi münasibətlər hesabına formalaşdırır. Buna görə də, «Standard&Poor’s» pərakəndə seqmentdə müştəri loyallığını və ödəmə mədəniyyətinin vaxtla yoxlanılmadığını vurğulayaraq, bu sahədə müəyyən təhlükələr görür.