Bank Of Baku

MDB ölkələri arasında gömrük sahəsində əməkdaşlığa dair bir neçə sənəd imzalanıb

MDB ölkələri arasında gömrük sahəsində əməkdaşlığa dair bir neçə sənəd imzalanıb
# 11 iyun 2009 10:47 (UTC +04:00)
Qəbələ. Nicat Mustafayev – APA-Economics. Bu gün Qəbələdə (Azərbaycan) keçirilən MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının iclası çərçivəsində Azərbaycanla Belarus arasında protokol imzalanıb.

«APA-Economics»in məlumatına görə, «Azərbaycan və Belarus arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 2004-cü il 5 noyabr tarixli Sazişin həyata keçirilməsi barədə Azərbaycan və Belarus Gömrük Komitələri arasında Protokol»u Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Belarus Dövlət Gömrük Komitəsinin sədri Aleksandr Şpilevskiy imzalayıblar.

Bununla yanaşı, toplantıda Moldova və Belarus arasında qarşılıqlı ticarət gömrük statistikası məlumatlarının tərtib edilməsində iki ölkənin gömrük orqanları arasında qarşılıqlı əlaqə qaydaları haqqında protokol imzalanıb.

Həmçinin, Moldova Gömrük Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyi arasında qarşılıqlı ticarət üzrə keçirilən mallara dair məlumat mübadiləsi haqqında protokol imzalanıb.

Xatırladaq ki, bu gün Qəbələdə MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 49-cu iclası keçirilir. Toplantıda 9 ölkənin (Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan) gömrük xidmətinin rəsmiləri iştirak edir. İclasda gömrük işi ilə bağlı bir sıra aktual məsələnin müzakirə edilməsi planlaşdırılır. Bunların siyahısına 48-ci iclasda qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi haqqında Şura katibinin məlumatı, Moldova və Ukrayna gömrük xidmətlərinin ilkin məlumata dair informasiya mübadiləsi işinin nəticələri, gömrük sahəsində MDB iştirakçısı olan dövlətlərin beynəlxalq hüquqi bazasının inventarlaşdırılması, gömrük xidmətləri üçün Rusiya Gömrük Akademiyası bazasında 2011-ci ilədək kadrların profilli hazırlanması Konsepsiyasının müddəalarının icrası planı, qarşılıqlı ticarətə dair gömrük statistikası məlumatları tutuşdurulduqda MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin qarşılıqlı əlaqə qaydaları haqqında Protokolun hazırlanması və s. məsələlər daxil edilib.

Növbəti 50-ci iclasın Kazan şəhərində (Tatarıstan, Rusiya) keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, iyunun 9-10-da Qəbələdə Şuranın ekspertlərinin iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR