Bank Of Baku

Azərbaycanda illik inflyasiya 4,9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 4,9%-ə düşüb
# 16 iyun 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin aprel ayına nisbətən 0,2% ucuzlaşıb, yanvar-may aylarında isə 2008-ci ilin analoji dövrünə nisbətən isə 4,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin ilk beş ayı ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8% bahalaşma, may ayında isə 0,4% ucuzlaşma müşahidə olunub. Qeyri-ərzaq məhsullarına gəldikdə isə, may ayında 0,3% ucuzlaşma qeydə alınıb. Yanvar-may aylarında isə 2008-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının qiymətləri 6,4% bahalaşıb.

Xidmət sahələrinə gəldikdə isə, ötən ay burada aprel ayı ilə müqayisədə qiymətlər dəyişməz qalıb. Lakin ilin ilk beş ayında xidmətlər sahəsinin qiymətləri 5,8% bahalaşıb.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayı ilə müqayisədə 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% ucuzlaşıb. Eyni zamanda, xidmət tarifləri apreldə mart ayına nisbətən 0,1% bahalaşıb. Cari ilin yanvar-aprel ayları ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 6,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,2%, qeyri-ərzaq mallarının qiymətləri 7,2%, xidmət tarifləri 6,2% bahalaşıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2009-cu ilin sonunda Azərbaycanda illik inflyasiyanın 2-3% səviyyəsində gözlənildiyini vurğulayıb. Halbuki 2008-ci ildə inflyasiya 20,8% olub.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-in ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutur. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR