Bank Of Baku

Azərbaycan parlamenti üç iqtisadi qanun təsdiqləyib

Azərbaycan parlamenti üç iqtisadi qanun təsdiqləyib
# 19 iyun 2009 12:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında Vergi Məcəlləsi, «Milli Bank haqqında» və «Büdcə sistemi haqqında» qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı üç qanun layihəsi təsdiqlənib. «APA-Economics»in məlumatına görə, qanun layihələri parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə tərəfindən təqdim olunub.

Qeyd edək ki, «Milli Bank haqqında» qanuna əlavə və dəyişiklər qanunun adı və mətnində «Milli» sözünün «Mərkəzi» sözü ilə əvəzlənməsi ilə yanaşı müəyyən maddələrə təkmilləşmə əhəmiyyəti daşıyır və Mərkəzi Bankın anti-böhran tədbirlərinin həyata keçirilməsinə imkan yaradacaq. Məsələn, əlavə edilən 49.1 maddəyə əsasən, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədi ilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər.

Vergi Məcəlləsinə redaktə məqsədi daşıyan dəyişikliklərlə yanaşı edilən bir sıra əlavələri çox böyük əhəmiyyət kəsb edir. Belə ki, qanuna əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bundan başqa, Məcəlləyə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20% dərəcəsi ilə vergi tutulması barədə maddənin əlavə edilməsi təklif olunur. Əlavə olaraq, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 35%-dən 30%-dək endirilməsi, hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 22%-dək 20%-dək endirilir və s.

«Büdcə sistemi haqqında» əlavə və dəyişikliklərin edilməsi barədə qanunda bir sıra redaktə xarakterli dəyişikliklər və əhəmiyyətli əlavələr əks olunub. Məsələn, dövlət büdcəsində təsdiqlənmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir və il ərzində faktiki xərclərin məbləği həmin həddən çox ola bilməz. Digər əlavəyə əsasən, dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə xərcləri maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.

Parlamentin iclasında aparılan müzakirələr nəticəsində hər üç sənəd iqtisadi baxımdan, qanunvericiliyin təkmilləşdirilməsi, dünya maliyyə böhranının nəticələri ilə mübarizənin aparılması baxımından əhəmiyyətli hesab olunaraq təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR