Bank Of Baku

Dünya maliyyə böhranının başlanmasından bir il ötür

Dünya maliyyə böhranının başlanmasından bir il ötür
# 14 sentyabr 2009 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün ABŞ prezidenti Barak Obama dünya maliyyə və iqtisadi böhranının bir illiyi ilə əlaqədar Nyu-Yorkda proqram nitqi ilə çıxış edəcək. Qeyd edək ki, bir il əvvəl Amerikanın ən iri maliyyə qurumlarından biri olan “Lehman Brothers” bankının iflasa uğradığını rəsmən elan etməsi hazırkı maliyyə böhranının başlanğıcı sayılır.

APA-Economics”in məlumatına görə, ABŞ prezidentinin çıxışının əsas mövzuları iqtisadiyyatın uçurumdan xilas edilməsi, gələcəkdə böhranların təkrarlanmamasına dair təklif və tədbirlər olacaq. Həmin mövzularla bağlı dünya maliyyə ekspertlərinin fikirləri əsasən üst-üstə düşür. Həmin fikirlərə görə, iqtisadiyyatda vəziyyəti sabitləşdirmək mümkün olub, ötən ilin dördüncü rübündə icrasına başlanmış iqtisadiyyata dəstək və stimullaşma üzrə müxtəlif dövlət proqramları maliyyə sisteminin iflasına və işsizliyin 20-25%-lik səviyyəsinə çatmasına imkan verməyib.

Bununla belə, böhranın gələcəkdə təkrarlanmaması sahəsində heç bir uğur əldə olunmayıb. Ekspertlərin fikrincə, böhran maliyyə tənzimləməsi üzrə qanunvericilikdə ciddi addımların atmasına vadar etməli idi, lakin bu baş verməyib və nəticədə, məsələn, əgər indi hər hansı iri maliyyə qurum ötən ilin sentyabrında “Lehman Brothers” kimi iflasa uğrasa, tənzimləyici orqanlar ötən ilki vəziyyətlə üzləşəcək ki, bu da böhranın birdən-birə güclənməsinə səbəb ola bilər.

Böhranın nəticələrindən biri kimi ekspertlər tərəfindən dünyada ABŞ iqtisadiyyatının və dolların mövqelərinin zəifləməsi qeyd olunur. İnvestorlar ABŞ-da aşağı faiz dərəcələrinin və iqtisadiyyata külli miqdarda vəsaitlərin yönəldilməsinin nəticəsi olaraq inflyasiyanın kəskin artmasından ehtiyatlanırlar.

Bundan başqa, böhran dünya iqtisadiyyatında inkişafda olan ölkələrin rolunu artırıb ki, nəticədə dünya iqtisadiyyatının koordinasiyası və ciddi qərarların qəbul edilməsi sahəsində G-7 birliyi, deyil G-20 birliyi daha aktualdır.

Qeyd edək ki, sentyabrın 24-25-də Pittsburqda G-20-nin sammitinin keçirilməsi nəzərdə tutulub və sammitin əsas müzakirə mövzusu böhranın sona çatıb-çatmaması məsələsi, dünya iqtisadiyyatının gələcəyi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR