Bank Of Baku

Bu il «Rabitəbank»ın əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım gözlənilir

Bu il «Rabitəbank»ın əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım gözlənilir
# 15 aprel 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcminin 2010-cu il ərzində 25% artaraq 130 mln. manata çatacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, həmçinin il ərzində bankın kredit portfelinin 34% artaraq 97,5 mln. manata, depozit portfelinin (maliyyə institutlarından cəlb olunan vəsaitlər istisna olmaqla) isə 30% artaraq 70 mln. manata çatacağı gözlənilir. Proqnoza görə, bu ilin yekunları əsasında «Rabitəbank»ın 500-800 min manat həcmində mənfəət əldə edəcəyi proqnozlaşdırılır ki, bu da ötən ilin yekunu ilə müqayisədə təxminən 2,8 dəfə çoxdur.

E.Qədimov bildirib ki, fiziki şəxslər üzrə müddətli depozitlər son zamanlar banklarda ən aktiv artan göstəricilərdən biridir: «Bank xidmətləri bazarında fiziki şəxslər üzrə müddətli əmanətlərdə faiz dərəcələrinin azalmasına baxmayaraq, əhalinin banklara vəsait yerləşdirmələrində aktivlik müşahidə olunur. Əgər bu il ərzində aktivlərin həcmində 25% artım gözlənilirsə, bankın fiziki şəxslər üzrə müddətli əmanətlərində 30-40% artım proqnozlaşdırılır», - deyə E.Qədimov qeyd edib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 103,736 mln. manat, depozit portfeli 84,889 mln. manat, kredit portfeli 72,710 mln. manat, məcmu kapitalı 13,146 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 20 filialı, 25 bankomatı və 117 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR