Bank Of Baku

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və mətbuat” mövzusunda seminar keçirilib

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və mətbuat” mövzusunda seminar keçirilib
# 27 aprel 2010 12:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı (TİRSP) çərçivəsində «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü və mətbuat» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən TİRSP-nin rəhbəri Uilyam Qarrison layihənin əhəmiyyətindən danışıb.

O bildirib ki, TİRSP layihəsi dövlətə, Azərbaycanda işgüzar mühitin yaradılması və qanunvericilikdə dəyişikliklə bağlı hökumətə dəstək və investisiya bazarına dəstək komponentlərindən ibarətdir. U.Qarrison Azərbaycanın ÜTT-yə üzvlüyünün ölkə iqtisadiyyatına təsirlərinin öyrənilməsi istiqamətində TİRSP layihəsi üzrə bir sıra işlərin həyata keçirildiyini qeyd edib.

Layihənin ÜTT üzrə eksperti Elxan Mikayılov isə ÜTT-yə üzvlüklə bağlı məsələlərə mediada az yer ayrıldığını, bu təşkilatın əhəmiyyəti barədə birmənalı rəylərin olmadığını qeyd edib. Azərbaycanın ÜTT-yə «ehtiyatlı» şərtlərlə üzv olmasını məsləhət bilən ekspertin sözlərinə görə, üzvlük öncəsi ölkədə qanunvericilik bazası və icraedici mexanizm yaradılmalıdır.

E.Mikayılov Azərbaycanda özəl sektorun ölkənin ÜTT-yə üzvlük prosesində çox passiv iştirak etdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, özəl sektorun üzvlük prosesində danışıqlara və dövlətin təkliflərinin qəbuluna təsiri böyük olsa da, Azərbaycanda digər ölkələrdə görünməyən passivlik mövcuddur.

Ekspert ÜTT-yə üzvlüyün mənfi və müsbət təsirlərindən də danışıb. Bildirib ki, ÜTT-yə qəbul daha çox bank, xidmət, sığorta, telekommunikasiya və s. sektorlara müsbət təsir göstərəcək. Məşğulluq, emal sektoru, İKT məhsullarının istehsalı və s. sahələrə isə mənfi təsirləri olacaq.

Daha sonra seminarda ÜTT-yə üzvlük prosesi üzrə beynəlxalq ekspert Fərhad Fərhad çıxış edib. Seminarda Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində imkanlar və qarşıya çıxan problemlər, davam edən fəaliyyətlər və s. mövzusunda diskussiyalar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR