Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın 5 bankı ilə yeni sazişlər imzalayacaq

Asiya İnkişaf Bankı Azərbaycanın 5 bankı ilə yeni sazişlər imzalayacaq
# 28 aprel 2010 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Ticarətin Maliyyələşdirilməsi Mexanizmi Proqramını (TMMP) genişləndirir.

«APA-Economics»in məlumatına görə, bunu TMMP-nin Bakıda keçirilən təqdimatında AİB-in özəl sektor və kapital bazarları şöbəsinin ticarətin maliyyələşdirilməsi bölməsinin rəhbəri Stiven Bek (Steven Beck) bildirib.

TMMP haqqında məlumat verən S.Bek proqramın prinsipləri və imkanlarından danışıb. S.Bek bildirib ki, proqram çərçivəsində Azərbaycanın 5 bankı ilə («DəmirBank», «Bank of Baku», «Bank Respublika», «AGBank» və «AccessBank») yeni sazişlər imzalanacaq və bu banklara ticarətin maliyyələşdirilməsi üçün kreditlər veriləcək.

S.Bek məlumat verib ki, ötən il TMMP üzrə 1,9 mlrd. ABŞ dolları vəsait ayrılıb. Əməkdaşlıq edilən bankların sayı 150-yə çatdırılıb. Ötən il İndoneziya, Nepal, Vyetnam, Pakistan, Banqladeş və Şri-Lanka, cari ilin əvvəlində isə Monqolustan və Filippin adıçəkilən proqrama qoşulub. Cari ildə isə TMMP Mərkəzi Asiya ölkələrini əhatə edəcək. İlin sonuna qədər Özbəkistan, Tacikistan və Ermənistanın TMMP-yə qoşulması gözlənilir.

Proqram çərçivəsində 2009-cu ildə Azərbaycanda 700 fərdi əməliyyat keçirilib. Bu il isə TMMP çərçivəsində Azərbaycan banklarına 50 mln. dollar vəsaitin ayrılması planlaşdırılır. Bu vəsaitin məbləğinin artırılması da istisna olunmur.

Qeyd edək ki, 2006-2008-ci illər ərzində Azərbaycanın 4 bankı («Access Bank», «AGBank», «Bank of Baku» və «Bank Respublika») bu proqramda iştirakla bağlı müqavilə imzalayıb. İlkin büdcəsi 1 mlrd. ABŞ dolları olan TMMP proqramı ticarətin dəstəklənməsi məqsədilə beynəlxalq və üzv ölkələrin bankları ilə əməkdaşlıq etməklə maliyyə və bank təminatı verir.

Xatırladaq ki, 2004-cü ildən icrasına start verilən bu proqramın portfeli rellover tipli olduğundan və özəl sektoru cəlb etdiyindən, 2013-cü ilə qədər ticarətin maliyyələşdirilməsinə ümumilikdə 15 mlrd. dollar sərf olunacaq.

Ötən ildə TMMP çərçivəsində ticarət əqdləri üçün 1,9 mlrd. dollar məbləğində vəsait təmin edilib ki, bu da 2008-ci illə müqayisədə 4 dəfə çoxdur və 263 kiçik və orta həcmli müəssisələr tərəfindən həyata keçirilən əməliyyatlar maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR