Bank Of Baku

«Kövsər Bank» fəaliyyətini bərpa etmək niyyətindədir

«Kövsər Bank» fəaliyyətini bərpa etmək niyyətindədir
# 09 yanvar 2012 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası dayandırılan «Kövsər Bank» ASC 2012-ci ilin mart ayınadək lisenziyasını bərpa etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri vəzifəsini icra etmiş Heydər İbrahimov bildirib.

H.İbrahimovun sözlərinə görə, bank ləğvetmə komissiyasının işinin yekunlaşmasını gözləyir: «Məhkəmə işi başa çatdıqdan sonra bank Mərkəzi Banka barışıq elan etmək niyyətindədir. Ümumiyyətlə, bankın lisenziyasının bərpası istiqamətində əlimizdən gələni edirik, çalışırıq ki, yaxın iki ayda bu məsələ həll olunsun».

Qeyd edək ki, 2010-cu il dekabrın 1-də AMB-nin İdarə Heyətinin qərarı ilə «Kövsər Bank» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib.

Lisenziyanın ləğv edilməsinə əsas səbəb kimi bankın minimum məcmu kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərinin pozulması, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirilməməsi göstərilir.

Həmçinin, «Kövsər Bank» ASC-yə AMB tərəfindən müvəqqəti inzibatçılar təyin edilib.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. 2010-cu il oktyabrın 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR