Bank Of Baku

Azərbaycan bank sektorunda yüksək likvid aktivlərin orta günlük qalığı artıb

Azərbaycan bank sektorunda yüksək likvid aktivlərin orta günlük qalığı artıb
# 17 avqust 2012 13:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bankların likvidlik səviyyəsi kreditorlar və borcalanlar qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün kifayət səviyyədədir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yeni hazırlanmış «Maliyyə sabitliyi İcmal»ında deyilir.

İcmalda göstərilir ki, preventiv tənzimləmə və banklarda risk-menecment sistemlərinin təkmilləşdirilməsi aktivlərin keyfiyyətinin adekvat səviyyədə saxlanılmasına imkan verir. Cari ilin yanvar-iyun ayları ərzində bankların likvidliyi məqbul səviyyədə qalıb. Kredit aktivliyinin bərpası ilə əlaqədar yüksək likvid aktivlərin həcminin bir qədər azalmasına baxmayaraq likvid aktivlərin ümumi aktivlərə nisbəti minimal səviyyədən (10%) yüksək olub. Likvid aktivlərin cari öhdəliklərdə payı 59%-dən 47%-ə azalıb. Bununla belə, ani likvidlik əmsalı 71%-dən 73%-ə yüksəlib (minimal limit 30%). Yüksək likvid aktivlərin orta günlük qalığı yanvar-iyun ayları ərzində 226,1 mln. manat və ya 11% artaraq 2 275,2 mln. manata çatıb.

İyulun 1-nə yüksək likvid aktivlərin strukturunda nağd vəsaitlər, nostro hesablar və dövlət qiymətli kağızların payı müvafiq olaraq 30%, 26% və 19% olub. Bankların Mərkəzi Bankda hesablarının likvid aktivlərdə xüsusi çəkisi dövrün sonuna 25% təşkil edir.

İcmala əssən, məzənnə risklərinin təsirinin idarə edilməsi məqsədilə aktiv və passivlərin valyuta strukturu balanslaşdırılıb. Son bir il ərzində xarici valyutada olan aktivlərin cəmi aktivlərdə xüsusi çəkisi 43,6%-dən 38,7%-dək enib, xarici valyutada öhdəliklərin cəmi öhdəliklərdə xüsusi çəkisi isə 53,7%-dən 46,9%-dək azalıb.

AMB-nin ekspertləri hesab edirlər ki, bu ilin 6 ayı ərzində bankların kredit portfelinin keyfiyyəti məqbul səviyyədə olub. Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi dövrün sonuna 6,5% təşkil edib. Ümumilikdə Mərkəzi Bank müntəzəm həyata keçirdiyi stress-testlər onu göstərir ki, Azərbaycanın bank sistemi kəskin makroiqtisadi şoklara qarşı dayanıqlı vəziyyətdədir. Kapital yetərliyi dayanıqlı səviyyədə qalmaqdadır. Bununla yanaşı bazar və likvidlik risklərinin yaxşılaşması müşahidə olunur, kredit riskləri isə idarə olunan səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR