Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Cədvəldən göründüyü kimi, hər ilin əvvəlində əhalinin alıcılıq qabiliyyəti indeksi və əhalinin sərəncamında qalan vəsaitlərin həcmi azalır, sonradan isə bu göstəricilər sabitləşir. Ümumilikdə, son illərin təhlili göstərir ki, Azərbaycan üçün əhalinin alıcılıq indeksinin normal göstəricisi 1,39-1,42-dir. Lakin yanvar-iyul aylarında bu göstərici daha yüksək olub.
Qeyd edək ki, yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsi 9 597,2 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 990,8 mln. manat, əhalinin məcmu gəliri isə 18 231,8 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 5 643,8 mln. manat və ya 45,1% üstələyib.
Bu üstələmənin, yəni əhalinin sərəncamında qalan vəsaitlərin artımı bir sıra amillərlə bağlı ola bilər. Belə ki, iyulda iyun ayı ilə müqayisədə gəlirlərin artması, xərclərin azalması, gəlirlərin artım tempinin xərclərin artım tempindən daha yüksək olması bu təsir göstərə bilərdi. İyulda əhalinin gəlirləri 3,132 mlrd. manata bərabər olub ki, bu da iyuna nisbətən 14,3% çoxdur. Pərakəndə ticarət üzrə bu göstəricilər müvafiq olaraq 1,401 mlrd. manat və müsbət 0,7%, pullu xidmətlər üzrə isə 485,9 mln. manat və müsbət 9,6% təşkil edib. Göründüyü kimi, gəlirlərin aylıq artım tempi xərclərin artım tempini üstələyir ki, bu da xərclərin ümumi artım fonunda müsbət göstəricidir.