Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə dayanıqlı infrastruktur və uyğunlaşma strategiyalarında süni intellektin tətbiqini nəzərdə tutan yeni texniki yardım layihəsinə başlayır.
“APA-Economics” ADB-yə istinadən xəbər verir ki, "Dayanıqlı infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt" adlı layihənin ümumi dəyəri 800 min ABŞ dolları təşkil edir.
Layihənin maliyyələşdirilməsi ADB-nin Texniki Yardım Xüsusi Fondu hesabına həyata keçiriləcək. Hazırda layihə təklif mərhələsindədir və onun təsdiq tarixi hələ müəyyən edilməyib.
Regional xarakter daşıyan layihə Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Çin, Hindistan və digər Asiya-Sakit okean ölkələrini əhatə edir.
ADB-nin məlumatına görə, layihə iştirakçı ölkələrin təbii fəlakətlərlə bağlı riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq imkanlarının gücləndirilməsinə kömək edə bilər. Bununla da təbii fəlakətlərin xüsusilə aztəminatlı və həssas əhali qruplarına təsirinin azaldılmasına dolayı töhfə verilməsi nəzərdə tutulur.