Asiya İnkişaf Bankı (AİB) regionda eyni vaxtda baş verən müxtəlif böhranları aradan qaldırmaq üçün növbəti onillikdə 100 milyard dollarlıq yeni maliyyə imkanı vəd edən kapital idarəetmə islahatlarını təsdiqləyib.
"APA-Economics" bu barədə AİB-ə istinadən xəbər verir. Məlumata görə, iqlim böhranı ilə mübarizə üçün tələb olunan vəsaitin milyardlardan trilyonlara keçməsi üçün mövcud vəsaitlərin artırılması özəl və yerli kapitalın səfərbər edilməsi ilə mümkün olacaq.
Qeyd edilib ki, islahatlar AİB-in Kapital Adekvatlığı Çərçivəsinə (CAF) olunan dəyişikliklərdən biri kimi təqdim olunub. Beləliklə, bankın yeni öhdəliklərinin illik həcmi 36 milyard dollardan çox olacaq. Bu təxminən 10 milyard dollar və ya 40% artım deməkdir. AİB kapitallaşmanın prudensial səviyyəsini optimallaşdırmaqla, eyni zamanda risk iştahını dəyişmədən buna nail olacaq. İslahatlar, həmçinin gözlənilməz böhranlarla üzləşən AİB-in inkişaf etməkdə olan üzv ölkələrini dəstəkləmək məqsədilə Kontrsiklik Kredit Buferi yaradır.
Görülən tədbirlər, AİB-in növbəti onillikdə öz vəsaitləri hesabına inkişaf etməkdə olan üzv ölkələrinə və özəl sektor müştərilərinə 360 milyard dollara qədər maliyyə ayırmasına imkan verəcək. Tədbirlər, həm də AİB-in kredit reytinqini AAA səviyyəsində saxlamasını və inkişaf etməkdə olan üzv ölkələrə daha uzun müddətə, daha ucuz maliyyə ayırmasını təmin edəcək. İslahatlar, maliyyə stresi dövründə kapital eroziyasının qarşısını alacaq bərpa planı ilə AİB-in kredit reytinqini AAA səviyyəsində saxlamasına əlavə kömək olacaq. AİB-in Kapital Adekvatlığı Çərçivəsi hər 3 ildən bir nəzərdən keçirilir.