Asiya İnkişaf Bankı (AİB) qlobal vəziyyətin pisləşməsi fonunda Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozlarını aşağı salıb.
"APA-Economics" xəbər verir ki, bu barədə AİB-in “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2022” illik əlavəsində bildirilib. AİB regionun iqtisadiyyatının bu il 4,2%, gələn il isə 4,6% artacağını proqnozlaşdırıb. AİB sentyabr ayında region üzrə iqtisadiyyatın 2022-ci ildə 4,3%, 2023-cü ildə isə 4,9% artacağını təxmin etmişdi.
AİB 2022-ci il üzrə Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiya üçün iqtisadi artım proqnozunu 3,9%-dən 4,8%-ə yüksəldib. Bu isə Rusiya-Ukrayna müharibəsinin gözləniləndən daha çox müsbət təsir göstərməsi ilə bağlıdır. Bank həmçinin, 2023-cü il üzrə regionda ÜDM-in 4,2% artaracağını proqnozlaşdırıb.