Bank Of Baku

AİH-nin idarəetməsində olan şirkətlər yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib

AİH-nin idarəetməsində olan şirkətlər yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib
# 21 avqust 2026 12:14 (UTC +04:00)

“Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 50%, “Azəralüminium” MMC-nin ixracı 46%, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı isə 75%-dən çox artıb

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azər-Türk Bank”, “Azəralüminium” və “Azərpambıq” 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.

Hesabat dövründə “Azər-Türk Bank”ın xalis mənfəəti 50% artaraq 10,3 milyon manata çatıb, “Azəralüminium”un gəlirləri 41% artaraq 165 milyon manatı, alüminium məhsullarının ixracı isə 46% artaraq 98 milyon ABŞ dollar ötüb. “Azərpambıq”-ın ixrac həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,26% artaraq 34 milyon ABŞ dollarına çatıb.

Bu nəticələr AİH-nin idarəetməsində olan müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin müsbət nəticələrini əks etdirir.

“Azər-Türk Bank”: maliyyə göstəricilərində 50% artım

“Azər-Türk Bank” 2026-cı ilin ilk altı ayında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib. Bankın xalis mənfəəti 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil edib.

Hesabat dövrünün sonunda Bankın aktivləri 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb. Kapital 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib.

Bankın maliyyə nəticələri ilə yanaşı, dayanıqlı bankçılıq və yaşıl maliyyələşdirmə istiqamətində fəaliyyəti də beynəlxalq səviyyədə qiymətləndirilib. “Azər-Türk Bank” Capital Finance International (CFI.co) tərəfindən “Green Banking Sustainability Pioneer Azerbaijan 2026” mükafatına layiq görülüb.

Bank, həmçinin regional maliyyə inteqrasiyasına töhfə verən IFBS 2026 forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, təhsil və insan kapitalının inkişafı, sosial məsuliyyət və enerji effektivliyinin maliyyələşdirilməsi istiqamətlərində yeni təşəbbüslər həyata keçirib.

“Azəralüminium”: ixrac və mənfəətlilikdə nəzərəçarpan artım

“Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib. Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.

Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.

2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib.

Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir

“Azərpambıq”: ixrac 75%-dən çox artıb
AİH-nin idarəetməsində olan “Azərpambıq”-da istehsal və emal proseslərinin modernləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar ixrac göstəricilərində də özünü göstərib.

2026-cı ilin ilk yarısında “Azərpambıq”-ın ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 75,26% artım deməkdir. “Azərpambıq” dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə yer alıb.

“Azərpambıq”-ın, Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda “Azərpambıq”-ın Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.

“Azərpambıq”-ın fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə “Azərpambıq” tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib.

Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.

İdarəetmədə səmərəlilik, inkişafda dayanıqlılıq

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan müəssisələrdə əldə edilən nəticələr maliyyə dayanıqlığının gücləndirilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi, məhsuldarlığın artırılması, yüksək əlavə dəyərli məhsul seqmentinin genişləndirilməsi və ixracın şaxələndirilməsi istiqamətində sistemli yanaşmanın formalaşdığını göstərir.

AİH qarşıdakı dövrdə də sözügedən portfel şirkətlərinin əməliyyat və maliyyə səmərəliliyinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, investisiya imkanlarının genişləndirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 nömrəli Fərmanı ilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR