Belçikanın müstəmləkəçilik siyasəti Konqoda iqtisadi və sosial böhranın formalaşmasına səbəb olan əsas amillərdən biri olub.
APA xəbər verir ki, bunu Konqonun UNESCO üzrə Milli Komissiyasında Gənclər Proqramları üzrə köməkçisi Ester Kile Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
Ester Kile bildirib ki, müstəmləkəçilik dövründə formalaşan iqtisadi model sonrakı illərdə də ölkənin xarici resurslardan və xaricə yönəlmiş iqtisadi münasibətlərdən asılılığını davam etdirib.
Onun sözlərinə görə, həmin dövrün təsirləri yalnız iqtisadi sahə ilə məhdudlaşmayıb. Cəmiyyətdə yaranan qütbləşmə, irqi ayrı-seçkilik və ayrı-ayrı qruplara qarşı qərəzlər, eləcə də müstəmləkə idarəçiləri ilə yerli əhali arasındakı münasibətlər bu siyasətin uzunmüddətli nəticələri sırasında yer alır:
“Çoxsaylı vətəndaşların hüquqlarının məhdudlaşdırılması bərabərlik prinsipinə hörmətin itirilməsinə səbəb olub. Bu vəziyyətin izlərini bu gün də aydın şəkildə görmək mümkündür”.
O, tarixi yaddaşın qorunmasının və həmin dövrdə baş verənlərin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
Ester Kile bu istiqamətdə Konqoya dəstəyin göstərilməsinin əhəmiyyətini də qeyd edib.