Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə xalis zərəri 63,955 milyon manat təşkil edib.
"APA-Economics" bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir. Bu, 2021-ci illə müqayisədə 60,7 % azdır. Belə ki, 2021-ci ildə AMB 162,746 milyon manat xalis zərər açıqlayıb.
Ötən il AMB-nin xalis faiz gəlirləri 53,092 milyon manata bərabər olub. 2021-ci ildə isə Mərkəzi Bank 35,230 milyon manat xalis faiz zərəri açıqlayıb.
Hesabat dövründə AMB-nin haqq və komissiya gəlirlər 1,6 dəfə artaraq 32,421 milyon manata, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli dəyərdə tanınması üzrə gəlirləri 8,4 dəfə artaraq 59,042 milyon manata, törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 2,6% artaraq 23,863 milyon manata, investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 34,4 dəfə artaraq 4,587 milyon manata yüksəlib. AMB 2021-ci ildə xarici valyuta əməliyyatları üzrə 935 min manat xalis zərər etdiyi halda, ötən il 4,090 milyon manat xalis gəlir əldə edib. Mərkəzi Bankın sair əməliyyat gəlirləri 5,7 dəfə artaraq 30,357 milyon manat, dəyərsizləşmə üzrə ehtiyatın bərpası isə 2,2 dəfə artaraq 39,659 milyon manata bərabər olub.
Mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə 92,846 milyon (5,8 dəfə çox )manat xalis zərər, sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə 29,906 milyon manat (15,5% az) xalis zərər, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə 68,632 milyon manat (13,3% çox)xalis zərər, bundan əlavə 115,206 milyon manat inzibati və sair əməliyyat xərcləri (45,6% çox) ümumilikdə AMB-nin ili 63,955 milyon manat zərərlə başa vurmasına təsir edib.