Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, sözügedən göstəricinin artması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir.
"Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcəkdir", - AMB bildirir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu 3,081 mlrd. ABŞ dolları və ya ÜDM-in 5,6%-ni təşkil edib. Cari əməliyyatlar balansında 8,3 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranmış, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.